Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurası mayın 26-da Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün əvvəllər müraciət etmişdi. Türkiyə rəsmiləri isə cavab olaraq bildirmişdilər ki, rəsmi Ankara bu ölkələrin “PKK problemi”nə yanaşmalarını nəzərə alaraq, onların Şimali Atlantika alyansına daxil olmasına “hə” deyə bilməzlər. NATO-ya daxil olmaq üçün isə bütün iştirakçı ölkələrin dəstəyini almaq lazımdır.
“Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 26-da keçiriləcək iclasında Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətləri, İraqın şimalındakı Pençe-Kilit antiterror əməliyyatı zonasındakı vəziyyət, qonşu Yunanıstanın hərbi arsenalının artırılması kimi məsələlər müzakirə ediləcək”, - məlumatda deyilir.
Bildirilir ki, iclas iştirakçıları “Türkiyə və Şimali Kipr Türk Respublikasının maraq və hüquqlarının müdafiəsi” mövzusuna baxacaq, ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.
Bundan əlavə, görüşdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı mövzusu gündəmə gətiriləcək və Türkiyənin münaqişənin həllinə töhfə verən sülh təşəbbüsləri barədə fikir mübadiləsi aparılacaq.