Son illər dünyanın tarazlığı sürətlə dəyişir və ölkələrin yeniliklərlə ayaqlaşmasının vacibliyi daha çox önə çıxır. Geosiyasi və geoiqtisadi güc mübarizələrinin gücləndiyi bir vaxtda qloballaşma öz yerini itirməkdədir. Yəni dövlətlər güc strukturu ilə dünyada güc sahibi olduğunu sübut etməyə çalışırlar. Bu məsələdə bir-birinə qarşı güvən məsələsi də vacibdir.
Dünyada siyasi, iqtisadi, hərbi müttəfiq kimi güvənli ölkələr barmaqla sayılası qədərdir. Dövlətləri bir-birindən şübhələnməyə vadar edən bugünkü beynəlxalq sistemdə böyük dövlətlər arasında müharibələr birbaşa hərbi vasitələrlə olmasa da, texnologiya, mədəniyyət, informasiya, siyasət və ticarət artıq qlobal güc mübarizələrinin mərkəz nöqtəsində qərarlaşıb.
Bəs dünyada partnyor kimi güvənilən ölkələr hansılardır?
Modern.az xəbər verir ki, ABŞ indiyə qədər dünyanın yeganə super gücü rolunda çıxış etməyə çalışırdı. Ən etibarlı dövlət olaraq partnyorlarına güvən verirdi. Hazırki vəziyyətdə isə Çin Amerikanı hər sahədə sıxışdırmağa başlayıb. Soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqı arasında hərbi, siyasi və ideoloji qütbləşmə hələ ABŞ və Çin arasında görünməsə də, indi yüksək səviyyədir.
Dünyanın yeganə süper gücü...
ABŞ hərbi baxımdan dominant mövqeyini qoruyub saxlayır, lakin Çin də öz yerini tutmağa çalışır.
Bununla belə, dünyanın ümumi hərbi xərclərinin üçdə birindən çoxu ABŞ-ın payına düşür. Dünyada yayılmış səkkiz yüzdən çox hərbi bazasında yüz əlli mindən çox əsgəri olan ABŞ əllidən çox ölkə ilə ikitərəfli və ya çoxmüttəfiqlik əlaqələri qurub.
İqtisadi səviyyədə biz çoxqütblü dünyada yaşayırıq. ABŞ, Avropa İttifaqı və Çin oxşar iqtisadi ölçülərə malikdir. Dünya iqtisadiyyatında zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin payı da əlli faizi ötüb. İdeoloji və yumşaq güc nöqteyi-nəzərindən “Amerika modeli” artıq dünyada yeganə valyuta yolundan çıxıb. “Çin arzusu” bir çox ölkələrdə iqtisadi inkişafın və siyasi yetkinliyin cəlbedici üsulu kimi formalaşır.
Hazırda ABŞ-ın digər ölkələrlə bağlı xarici siyasəti dünyanı taleyin ümidinə buraxmaqdır. Bundan başqa dünya müharibələrindən gördüyümüz kimi heç vaxt Amerika müharibənin içində olmayıb. Sadəcə hadisələri qıraqdan izləyərək özü üçün müsbət çıxarlar əldə etməyə çalışıb.
Böyük siyasətdəki Çin səddi
Çinə gəldikdə isə onun əsas hədəfi ABŞ-ın yerini tutmaqdır. Əvvəlcə Şərqi Asiyada, sonra isə dünyanın digər yerlərində ABŞ-ı keçmək Çin liderlərinin ən böyük arzusu olub. Amma Çin real siyasətdə ABŞ-la qarşılaşmamalı olduğunu biləcək qədər səbirli davranır. Çin mövcud nizamdan faydalanan ölkə olaraq ABŞ-ı yox, sistemini məhv etmək niyyətindədir. Onun önəm verdiyi ən mühüm amil digər ölkələri iqtisadi cəhətdən ondan asılı vəziyyətə salmaq və Pekinin siyasətinə yönələ biləcək müxalifəti minimuma endirməkdir. ABŞ-ın qlobal hökmranlığını məhdudlaşdırmaq üçün Rusiya ilə hər mənada yaxınlaşmağı və Avropa ilə möhkəm iqtisadi əlaqələr qurmağı vacib hesab edən Çin rəhbərliyi xarici siyasətdə son dərəcə ehtiyatlı davranır. Təkpartiyalı rejim Çin mərkəzli qlobal inkişaf strategiyası ilə ölkədə legitimliyini qorumağa çalışarkən, eyni zamanda səbirlə Çinin qlobal hegemonluğuna yol açır. Çin partnyor kimi xarici ölkələri özündən asılı salma siyasətini yerinə yetirir.
Putinin qurduğu oyunun sirləri...
Rusiyaya gəldikcə isə qonşu ölkə xarici siyasətdə sadəcə öz mövqeyini qorumağa çalışır. Rusiya keçmiş qüdrətindən uzaq ola bilər, amma hərbi güc imkanları, zəngin təbii sərvətləri və imperiya düşüncə ənənəsi ilə Qərb aktyorlarının siyasətlərinə qarşı olmağa davam edir. Rusiya hazırda yeni oyun formalaşdıra bilmir, amma başqalarının oyunlarını pozmağa hələ də imkanları var. Böyük dövlətlər arasında sövdələşmə və koalisiya vasitəsilə dünya siyasətində təsirli olmağa çalışan Rusiya Çin kimi real siyasətin oyunçusudur, lakin Çindən fərqli olaraq xarici siyasətində məcburedici güc alətlərindən istifadə etməyə üstünlük verir.
Bu gün Rusiya, həmçinin Ukrayna ilə müharibə aparır. Bu müharibə ona partnyor qazandırmır, əksinə dostlarının sayını azaldır. İndi Qərbin əsas məqsədi Rusiyanı parçalamaqdır.
Avropa əvvəlki kimi deyil...
Avropada da vəziyyət ürəkaçan deyil. Avropa Birliyi dərin böhran içindədir. Avropa daxilində nə Almaniyanın, nə də Fransanın liderlik mövqeyi təbii qarşılanmır. Əksinə, Almaniyanın Avropa İttifaqının (Aİ) aparıcı aktoru olması ehtimalı bir çox üzvləri narahat edir. Bu kontekstdə İkinci Dünya Müharibəsinin bitməsindən sonra Aİ-nin inteqrasiya prosesi ciddi böhran içindədir. Aİ-nin özlüyündə sülh layihəsi olmaq və dünyanın digər ölkələri üçün nümunəyə çevrilmək imkanları da yoxa çıxıb. Bu gün ABŞ-ın əvvəlki kimi transatlantik münasibətlərə əhəmiyyət vermədiyi, Rusiya və Çinin Aİ-yə qarşı “parçala və idarə et” siyasəti yeritdiyi bir vaxtda, Avropa İttifaqı digər böyük güclərin meydançası deyil, əsl oyunçu olmaq üçün çox çalışmaq niyyətindədir.
Türkün birliyi...
Uzun müddət Qərbə doğru xarici siyasət yeridən Türkiyə üzünü Qərbdən Şərqə çevirməkdənsə, öz siyətinə uyğun partnyorları cəlb etməyə çalışır. Türkiyə Qərbdən daha az asılı olmaq yolundadır.
ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda Avropa Türkiyə üçün hələ də ən təhlükəsiz liman deyil. Ölkəyə daxil olan birbaşa xarici iqtisadi sərmayələrin yetmiş faizindən çoxunun Avropadan gəldiyini və ümumi ticarətdə Avropa ölkələrinin payının az qala əlli faizə yaxın olduğunu nəzərə alsaq, Türkiyənin Aİ-yə üzvlük prosesini geridə qoymaq lüksü yoxdur. Bu gün Türkiyə müstəqil siyasət yeridərək regional və qlobal oyunçu olmağa çalışır. Bu yolda isə əsas partnyor olaraq özünə Türk dövlətlərini hədəfləyib.
Böyük dövlətlər arasında tarazlıq siyasətini saxlamaq Azərbaycanın ənənəvi xarici siyasət anlayışının bir hissəsidir. Azərbaycan bir ölkə kimi təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq və milli maraqlarını reallaşdırmaq üçün öz resurslarından əlavə digər dövlətlərin əməkdaşlığından da istifadə edir. Qlobal aktyorların maraqları kontekstində olduğu coğrafiyanın dəyərini nəzərə alsaq, tarazlıq siyasətinin Azərbaycan üçün nə qədər həyati əhəmiyyət daşıdığını başa düşmək olar.