Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib. Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusunun prioritetlərin yerinə yetirilməsindən sonra veriləcəyi bildirilib.
Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski namizəd statusunun verilməsini unikal və tarixi məqam adlandırıb.
"Avropa İttifaqı liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını alqışlayıram. Bu, Ukrayna və Avropa İttifaqı arasında münasibətlərdə unikal və tarixi məqamdır", - deyə o, sosial media hesabında yazıb.
Moldova Prezidenti Maya Sandu ölkəsinə Aİ üzvlüyünə namizəd statusu verilməsi barədə qərarı tarixi hadisə adlandırıb. Moldova Prezidenti bildirib ki, ölkəsi Aİ-yə üzv olmaq üçün çətin yolu getməyə hazırdır.
Gürcüstanın dövlət başçısı Salome Zurabişvili isə tviterdə yazıb ki, tarixi gündür, Gürcüstanın Avropa perspektivi tanınıb: "İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq".
Akif İsmayılov