Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert rəsmi Londonun prezident Vladimir Putinlə bağlı səsləndirdiyi “açıq-aşkar alçaldıcı ifadələri”nə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirə Britaniya rəhbərliyinin Rusiya, onun lideri və xalqına qarşı açıq şəkildə təhqiramiz bəyanatları ilə əlaqədar etiraz edilib.
“Səfirə Böyük Britaniyanın səlahiyyətli nümayəndələrinin təhqiramiz ritorikasının qəbuledilməz olduğunu bildirən memorandum təqdim edilib. Layiqli cəmiyyətdə bu cür bəyanatlara görə üzr istəmək adətdir”, - Rusiya XİN-in bəyanatında deyilir.
Söhbət Ukrayna hadisələri ilə bağlı Putini qadın kimi təqdim edən Böyük Britaniyanın baş naziri Boris Consonun sözlərindən gedir.
İyunun 29-da ZDF telekanalına müsahibəsində Conson deyib ki, əgər Rusiyaya qadın prezident başçılıq etsəydi, Ukraynada münaqişənin qarşısını almaq olardı. Onun fikrincə, döyüşlər “zəhərli kişiliyin” nəticəsidir, bununla əlaqədar baş nazir daha çox qadınları rəhbər vəzifələrdə çalışmağa çağırıb.