İtaliyanın şimal-şərqində yerləşən Alp dağlarının Marmolada bölgəsində böyük buz təbəqəsi çöküb.
Modern.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb
Bölgədə başladılan axtarış-xilasetmə işlərinə qatılan qrupların ilkin məlumatına görə, hadisə zamanı dağda olan bir qrup alpinistdən 6-sı həyatını itirib, 1-i ağır olmaqla 8 nəfər yaralanıb.
Hadisə nəticəsində daha 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Axtarış-xilasetmə işlərinə 5 helikopterin dəstək verdiyi qeyd edilib.
Qeyd edək ki, İtaliyada bir müddətdir həddindən artıq isti hava və quraqlıq hökm sürür. Dünən Marmolada təpəsində temperaturun 10 dərəcə ilə ən yüksək həddə çatdığı qeyd edilib.
Marmoladanın zirvəsində yerləşən buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri kimi tanınır. İtaliyanın Padova Universitetinin alimləri ötən il Marmoladadakı buz kütləsinin 15 ildən sonra yox ola biləcəyi barədə xəbərdarlıq edib.
Akif İsmayılov