Böyük Britaniyanın Baş naziri Boris Conson istefaya getmək qərarı verib.
Modern.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. Məlumatda qeyd edilir ki, Boris Conson bu gün Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verərək, xalqa müraciət edəcək
Siyasi analitiklər hesab edir ki, Böyük Britaniyanın baş naziri vəzifəsində Boris Consonun xələfləri xarici işlər naziri Liz Truss və ya müdafiə naziri Ben Uolles ola bilər.
Çünki onlar Ukraynayönlü fikirlərə sadiqdirlər, buna görə də ingilislərin Rusiyaya qarşı sərt mövqeyi davam edəcək.
BBC-nin məlumatına görə, Baş nazir Boris Conson yaxın saatlarda istefasını açıqlayacaq. Siyasətçi istefa verməyə razılaşıb, lakin payıza kimi - hakim partiyanın yeni lideri seçilənə qədər vəzifəsində qalacaq.
Conson deyib ki, o, yeni mühafizəkarlar liderin partiyanın konfransında seçilməsini istəyir.
Beynəlxalq siyasi şərhçilər deyirlər ki, Conson gedəndən sonra Britaniya siyasətini dəyişməyəcək.
“Britaniya yeni baş nazirlə Rusiyaya qarşı sərt mövqeyi davam etdirəcək, çünki bu, Consonun siyasəti deyil, Britaniyanın hakim sinfinin ictimai rəy tərəfindən dəstəklənən siyasətidir”, - deyə rusiyalı politoloq Konstantin Kalaçev bildirib.
Politoloq əlavə edib ki, Consonun potensial varisləri Ukraynaya maksimum yardım və dəstək verilməsinin tərəfdarıdır.
“Ən çox ehtimal olunan varislər xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uollesdir. Hər ikisi Ukraynaya maksimum yardım tərəfdarıdır. Böyük Britaniyanın Ukrayna böhranında fəal mövqeyi davam edəcək”, - Kalaçev vurğulayıb.
Britaniya mediası da Boris Consonun istefasından sonra Baş naziri postuna mümkün namizəd ola biləcək şəxslərdən bir kimi xarici işlər naziri Liz Trussun adını çəkib.
Onun rəqibləri keçmiş maliyyə naziri Rişi Sunak və keçmiş baş nazir Tereza Mey sayılır.
A.Qorxmaz