İran regionun geosiyasətində dəyişikliyə səbəb olacaq istənilən addımın əleyhinədir.
Modern.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şamxani bildirib.
O qeyd edib ki, İran administrasiyasının siyasəti qonşularla münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlib və Ermənistana bugünkü səfərinin əsas məqsədi də budur.
Şamxani regional əməkdaşlıq vasitəsilə bölgədə sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb və bəyan edib ki, rəsmi Tehran Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu “3+3” kimi formatları dəstəkləyir.
Şamxani Ermənistan və Azərbaycan arasında aparılan danışıqların hər iki ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib. O, eyni zamanda qeyd edib ki, İran regionun geosiyasətində dəyişikliklərə gətirib çıxaran istənilən hərəkətin əleyhinədir.
Şamxani Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İrəvandakı görüşündə deyib ki, Qafqazda sabitlik olmadan regionda sabit təhlükəsizliyə nail olmaq mümkün deyil.
Onun sözlərinə görə, İslam Respublikası Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün bütün imkanlarından istifadə etməyə hazırdır.
Şamxani İran və Ermənistan arasında dərin köklü tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, hər iki dövlətin bütün sahələrdə ikitərəfli münasibətləri gücləndirmək üçün münasib yollara malik olduğunu bildirib.
Onun sözlərinə görə, İran və erməni xalqları son onilliklər ərzində regional və beynəlxalq səviyyədə çətin anlarda bir-birini dəstəklədiyi üçün ikitərəfli əlaqələrin genişləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur.
İki ölkə arasında mövcud iqtisadi mübadilələrin həcminin mövcud imkanlara uyğun olmadığını deyən Şamxani ticarət və iqtisadi mübadilənin artırılması üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, ticarət-iqtisadi əlaqələrin inkişafı ikitərəfli əməkdaşlığın gündəmində birinci yerə qoyulmalıdır.