Silsilə qətl törədənlər, onların cinayət əməlləri, hadisələrin səbəbləri barədə istər yerli, istərsə də dünya mediasında müxtəlif yazılar dərc olunur. Amma belə qatillərdən biri insanların xüsusi rəğbətini qazanıb. Söhbət amerikalı Ailen Wuornos adlı cinayətkardan gedir.
Onun həyat hekayəsi maraqlı, bir o qədər də faciəlidir...
Modern.az xəbər verir ki, 1956-ci ildə dünyaya gələn Ailenin çətin həyatı elə uşaqlıq vaxtından başlayıb. O, doğulanda anası və atası artıq ayrılmışdı. Atası uşağa təcavüz etdiyi üçün həbsxanaya düşmüş, orada intihar edərək həyatına son qoymuşdu. Anası da öz qızını tərk edib getmişdi.
Gün keçdikcə həyatı daha ağır keçən Ailen 14 yaşında təcavüzə məruz qalıb. Hamilə qalan yeniyetmə övladını dünyaya gətirdikdən sonra yaxınlarının acımasız təqibləri ilə üzləşib. Belə ki, yaxınları tərəfindən körpəsi əlindən alınan ana küçəyə atılaraq, taleyin ümidinə buraxılıb.
Küçə həyatına tərk edilən Ailen imkansızlıqdan pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa başlayıb. Yaşadığı çətinliklər, cinsi təcavüzlər onun psixologiyasını alt-üst etmişdi, o, 69 yaşlı bir kişilə ailə həyatı qursa da, evliliyi uzun sürmür.
Ailen qatil olmaq yolunu tutur...
O, 30 yaşına çatana kimi dəfələrlə həbs edilmişdi. Gənc qızın oğurluq və narkotik istifadəsi ilə bağlı cinayətləri getdikcə artırdı. Narkotikdən istifadə onun psixologiyasını ciddi şəkildə zədələmişdi. 1986-cı ildə Tyria Moore ilə tanış olan Ailenin həyatı dəyişdi və o, ağır cinayətlərlə üz-üzə qaldı.
Ailen sevgilisini xoşbəxt etmək və ondan ayrılmasına mane olmaq üçün çoxlu pul qazanmağa çalışırdı. Ona görə də pul qarşılığında qətllər törətməkdən belə çəkinmirdi.
Gənc qatilin ilk qurbanı Riçard Mallori adlı əvvəllər təcavüzə görə məhkum olunmuş kişi olub. Görüşdükləri gecə Ailenə işgəncə verərək zorlayan Mallor onun tərəfindən öldürülüb. Qətldən sonra Ailen meyiti meşəyə ataraq hadisə yerindən uzaqlaşıb.
O, pul qarşılığında birlikdə olduğu kişiləri öldürməyə davam edir. 7 nəfəri öldürərək seriyalı qatil adını alan Ailen bütün cinayətlərində oxşar ssenariyə əl atıb. Belə ki, o, kişiləri silahla öldürərək, onların meyitlərini meşəyə atırmış.
Əməllləri ifşa olunan qadın saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Hakim qarşısına çıxarılan Ailenə ölüm hökmü oxunub. Onun son sözləri hər kəsi kövrəldib: "Mən günahsızam. Ümid edirəm ki, sizi də zorlayarlar”.
Çıxışı eşidənləri kövrəldən cinayətkar qadın "Etdiyim hər şeyin arxasında dəhşətli qəzəb var. Mən edam edilməliyəm, çünki həbsdən çıxsam, yenidən qətl törədəcəm", - son sözünü deyib.
O, hökmdən sonra 9 oktyabr 2002-ci ildə edam edilib.
Elmar Hüseynov