Qərb və İran arasında nüvə sazişinin bərpası ilə bağlı müzakirələr aparılacaq.
Modern.az xəbər verir ki, bu barədə "Politoco" nəşri üç mənbəyə istinadən məlumat yayıb.
Müzakirələr avqustun 4-də başlayacaq. Toplantıda iştirak edəcək rəsmilər artıq Vyanaya gəliblər.
Danışıqlarda ABŞ, İran, Çin, Rusiya, Almaniya, Britaniya və Fransa diplomatları, eləcə də İran ABŞ-la birbaşa təmaslardan imtina etdiyi üçün vasitəçi kimi çıxış edən Avropa İttifaqı rəsmiləri iştirak edəcək.
İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib.
Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.
Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.
Akif İsmayılov