ABŞ Dövlət Departamenti Ukraynanın mina və partlamamış hərbi sursatları təmizlənməsinə dəstək olmaq üçün 89 milyon dollar yardım ayırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Dövlət Departamentinə istinadən məlumat yayıb.
Vəsait minatəmizləmədə iştirak edəcək 100 şəxsi heyətin təliminə və təchizatına sərf olunacaq.
Vəsait ABŞ-ın Ukraynada indiyədək həyata keçirdiyi ən böyük minatəmizləmə proqramıdır. ABŞ rəsmisi Ukraynanın mina problemini 1960-70-ci illərdə Amerika müharibəsindən sonra Vyetnam, Kamboca və Laosda partlamamış hərbi sursatların yaratdığı problemlərlə müqayisə edib.
"Məsələn, Vyetnam müharibəsinə baxın, o müharibənin bitməsindən 50 il sonra biz hələ də Cənub-Şərqi Asiyada hərbi sursatları təmizləyirik. Ukraynadakı vəziyyət də bununla bərabər ola bilər", - deyə rəsmi bildirib.
ABŞ rəsmisi qeyd edib ki, proqram podratçılar və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçiriləcək.
Dövlət Departamentinin hesabatına görə, Birləşmiş Ştatlar adi silahların məhv edilməsinin əsas maliyyə dəstəkçisidir və 1993-cü ildən 2021-ci ilə qədər 100-dən çox ölkəyə 4,2 milyard dollardan çox yardım göstərib.
Akif İsmayılov