Düz 21 il öncə, bu gün tarixin ən qanlı terror hadisələrindən biri baş verib. 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror aktı törədib.
Modern.az xəbər verir ki, Amerika hava yolları şirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirən “Əl-Qaidə” üzvləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum ediblər. Onlar sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpıblar. Daha sonra terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsini hədəf alıblar.
Hər iki qüllə təyyarə hücumuna qarşı davamlı və güclü tikilsə də, qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların işə düşməsi nəticəsində hər iki qüllə yerlə-yeksan olub. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da üçüncü təyyarə tərəfindən vurulub. Bu hadisələr 3 minə yaxın vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.
Terror əməliyyatı necə planlaşdırılmışdı?
Amerikanın Federal Təhqiqat Bürosu 3 gün ərzində terrorçuların siyahısını tərtib edib. Məlum olub ki, Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlaşdırıb. Bundan sonra “Taliban”a qarşı cavab hücumu başlayıb. Şübhəlilər 72 saata müəyyənləşdirilib. Onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. Təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında ərəblər daha çox diqqət çəkiblər, bu da FTB-ya doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini üzə çıxarmağa imkan verib.
2001-ci il sentyabrın 27-də FTB 19 terrorçunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini ictimaiyyətə yayımlayıb. Şübhəlilər Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən olan terrorçular idi.
11 sentyabr hücumları amerikalılar üzərində çox ağır təsirlərlə yadda qalıb. Bu hücumlar Amerika və dünya bazarına əhəmiyyətli dərəcədə təsir edib. Nyu-York məzənnə fondu tarixin ən böyük inflyasiyasını yaşayıb.
Eyni zamanda şərqlilərə və onlara bənzəyən digər insanlara qarşı çoxlu sayda hücum və nifrət zəminində törədilmış cinayətlər artmağa başlayıb. Bundan sonra məscid və başqa dini binalara edilən hücumlar daha da artıb. Bu da amerikalıların qəzəbinin göstəricisi hesab edilirdi.
11 sentyabr hadisələri Amerikanın özündə ümummilli birliyə təkan verib, müxtəlif irqlərə, konfessiyalara və siyasi qruplara mənsub olan amerikalılar sıx birləşiblər.
“Əl-Qaidə”nin və onun lideri Üsamə bin Ladenin məhv edilməsini, habelə Əfqanıstanda taliblər rejiminin devrilməsini nəzərdə tutan “Sarsılmaz azadlıq” adlı hərbi əməliyyat başlanandan sonra ABŞ hökuməti əvvəllər federal agentliklər ilə özəl sektor arasında əməkdaşlığa və informasiya mübadiləsinə əngəl törədən maneələri aradan qaldırıb.
Beləliklə, federal agentliklər ştatlar səviyyəsində münasibətləri möhkəmləndiriblər, habelə yerlərdə aparılan müşahidələr bilavasitə beynəlxalq və daxili terrorizmə qarşı mübarizə üçün çox faydalı olub. Birləşmiş Ştatların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün 2002-ci ildə Daxili Təhlükəsizlik Nazirliyi yaradılıb.
Terror aktları törədilməsinə və təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə məqsədilə yaradılan bu qurum çoxsaylı təhlükəsizlik xidmətlərini özünü birləşdirib.