Modern.az

NATO Rusiyanı taxıl sazişini bərpa etməyə ÇAĞIRDI

NATO Rusiyanı taxıl sazişini bərpa etməyə ÇAĞIRDI

Dünya

30 Oktyabr 2022, 20:57

NATO Moskvanı təcili olaraq Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına dair Türkiyə və BMT-nin vasitəçiliyi ilə bağlanmış sazişi bərpa etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku məlumat verib.

 

“Prezident Putin ərzaqdan silah kimi istifadə etməyi dayandırmalı və Ukrayna ilə müharibəyə son qoymalıdır. Biz Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə və ərzağa ən çox ehtiyacı olan ölkələrə çatmağa imkan verəcək sövdələşməni təcili bərpa etməyə çağırırıq”, - xanım Lunqesku bildirib.

 

O qeyd edib ki, bütün NATO müttəfiqləri Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı alqışlayırlar.

 

Xatırladaq ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.

 

Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI