Modern.az

BMT-nin qətnaməsi İran XİN-i hiddətləndirdi - Bəyanat

BMT-nin qətnaməsi İran XİN-i hiddətləndirdi - Bəyanat

25 Noyabr 2022, 11:11

İran Xarici İşlər Nazirliyi (XİN) BMT-nin İnsan Haqları Şurasında qəbul edilən qətnaməyə etiraz edib.

Modern.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi noyabrın 25-də bununla bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, bəzi Qərb dövlətlərinin təklifi ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında qəbul edilən qətnamə anti-İran xarakterlidir və İran İslam Respublikası tərəfindən qəti şəkildə rədd edilir.
 

İran XİN kürdəsilli gənc qadın Məhsa Əmininin faciəvi ölümündən təəssüfləndiyini bildirərək xatırladıb ki, onun vəfatı ilə əlaqədar İslam Respublikasının bütün yüksək rütbəli məmurları hadisəyə məsuliyyətli yanaşaraq, müvafiq hüquqi qurumlar tərəfindən çoxsaylı və bir-birini tamamlayan istintaq komitələri yaratmış, bu olayın bütün mərhələlərini və araşdırmaların nəticələrini ictimaiyyətə şəffaf şəkildə təqdim etmişdir.

“Hadisədən qısa müddət sonra İranın Məhkəmə-İnsan Haqları Şurası həm Cenevrədə, həm də Nyu-Yorkda olan beynəlxalq insan haqları təşkilatlarına, eləcə də beynəlxalq ictimaiyyətin bütün üzvlərinə çoxsaylı əsaslı sənədlər və hesabatlar göndərib”.


İran XİN-i Məhsa Əmininin ölümü ilə əlaqədar son iki ayda keçirilən etiraz aksiyalarını “iğtişaş” adlandırıb. Qeyd edilib ki, “xarici təşkilatların təxribat və müdaxilələrinə, ayrı-ayrı şəxslərin və silahlı qrupların müxtəlif formalarda terror aktlarına əl atmasına baxmayaraq, ölkənin təhlükəsizlik qüvvələri iğtişaşçılara qarşı təmkinli davranıb”.
Bu hadisələr zamanı onlarla polis məmuru və mühafizəçinin öldüyü, bir neçə min asayiş keşikçisinin isə yaralandığı bildirilib.

İran XİN-i BMT İnsan Haqları Şurasında qəbul edilən qətnaməyə görə başda Almaniya hökuməti olmaqla Qərb dövlətlərini ittiham edib.

“Onlar strateji səhvə yol veriblər və bu siyasi uzaqgörənliyin onlara necə əks nəticə verəcəyini isə zaman göstərəcək”, - bəyanatda deyilir.


XİN bəyan edib ki, İran İslam Respublikası Məhsa Əmininin ölümünü araşdırmaq üçün ixtisaslaşmış vəkillər və müstəqil hüquqşünaslardan ibarət milli istintaq komitəsi yaradıldığını nəzərə alaraq, hər hansı bir yeni qrupun formalaşdırılmasını  gərəksiz sayır və bu mövzuda təyin olunmuş missiyanı tanımır.

Xatırladaq ki, bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası son vaxtlar İranda rejimin  etirazçılara qarşı törətdiyi cinayətlərin tədqiqi üçün faktaraşdırıcı komitə yaradılması barədə qətnamə qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi