Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar Rusiyanın ölkəsinə etdiyi dron hücumlarına münasibət bildirib.
Modern.az xəbər verir ki, nazir müavini bu barədə tviter səhifəsində yazıb.
“Bu gecə Rusiya İran istehsalı olan 35 zərbə dronu vasitəsilə Kiyev daxil olmaqla, Ukrayna ərazilərinə hücum etdi. 30 dron Ukrayna müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi. Kritik önəmə malik olan infrastruktur sistemlərinə böyük ziyan dəyib. Fövqəladə hallar qüvvələri əlindən gələni edirlər. Ukrayna ordusu Rusiyanın terrorunu dayandırır. Dünyada heç kim Rusiya təcavüzünə qarşı təhlükəsiz şəraitdə deyil”, - deyə Ə.Cabbar bildirib.
Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.