Modern.az

ABŞ və Almaniyadan sürpriz - Zelenski üçün əsl ad günü hədiyyəsi

ABŞ və Almaniyadan sürpriz - Zelenski üçün əsl ad günü hədiyyəsi

25 Yanvar 2023, 23:15

Bu gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib.

 

Modern.az bildirir ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.

 

Bayden administrasiyasının rəsmisi qeyd edib ki, tankların tədarük edilməsi bir neçə ay çəkə bilər. Şolts isə ilk tankların 2-3 ay ərzində Kiyevə çatdırılacağını bildirib. O, Almaniya parlamentində alqış sədaları altında deyib: “Almaniya Ukraynanı dəstəkləməkdə həmişə öndə olacaq”.

 

Almaniya, həmçinin Ukraynaya hava hücumundan müdafiə, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla əlavə hərbi yardım göndərəcək. Rəsmi Berlin üçüncü ölkələrin də Ukraynaya "Leopard" tankları tədarük etməsinə "yaşıl işıq" yandırıb.

 

Ardınca Bayden Ukraynanın əks-hücuma hazırlaşdığını diqqətə çatdırıb və tankların ukraynalılara “açıq ərazidə manevr qabiliyyətini artırmaq” üçün lazım olduğunu deyib. Doğrudur, Kiyev aylardır ki, öz qüvvələrinə uzun cəbhə xətlərini yarmaq, şərq və cənubda işğal olunmuş əraziləri geri qaytarmaq üçün Qərbdən tanklar istəyirdi. Bu gün 45 yaşını qeyd edən Ukrayna Prezidenti Volodimir Zelenski tanklarla bağlı qərar görə Şoltsa, eləcə də Baydenə təşəkkür edib.

 

Co Bayden, həmçinin bu gün Şolts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə Ukraynaya dəstək tədbirlərini müzakirə edib. 

 

Digər ölkələr...

 

ABŞ-ın müttəfiqlərindən Ukraynaya əlavə tank tədarüklərinin açıqlanması gözlənilir. Artıq Polşa, Finlandiya və Norveç Kiyevə tank göndərəcəklərini açıqlayıb. Britaniya Ukraynaya "Challenger" tankları, Fransa isə yüngül döyüş tankları verəcək. Rəsmi Parisin yerli istehsal "Leclerc" tankları tədarük edəcəyi istisna edilmir.

 

Rusiyanın reaksiyası...

 

Rusiya rəsmiləri Almaniyanın qərarına qəzəbli reaksiya verib, İkinci Dünya müharibəsini xatırladaraq Berlinin “Rusiya qarşısındakı tarixi məsuliyyətindən” imtina etdiyini söyləyiblər. "Bu, son dərəcə təhlükəli qərar münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır", - Moskvanın Almaniyadakı səfiri Sergey Neçayev deyib.

 

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə deyib ki, ABŞ tanklarının tədarükü açıq-aşkar təxribatdır.

 

Ukrayna Soledarı tərk edir

 

Ukraynaya tank tədarükləri fonunda rəsmi Kiyev uzun müddətdir qanlı döyüşlərin getdiyi Soledar şəhərindən geri çəkildiyini açıqlayıb. Rusiya bir neçə həftə əvvəl şəhərin ələ keçirildiyini elan etmişdi, ancaq Qərb və Ukrayna döyüşlərin davam etdiyini söyləyirdi. Nəhayət, bu gün şəhərin işğal olunması rəsmən etiraf olundu.

 

Görünən odur ki, Ukraynada müharibə dalana dirənib və Kiyev inanır ki, Qərbin ağır silahları işğal altında olan əraziləri azad etməyə kömək edə bilər. Çətin olsa da, bu istəyin baş tutub-tutmayacağını zaman göstərəcək. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!