Modern.az

“Altılı Masa” bu gün toplanır - Namizəd açıqlanacaq?

“Altılı Masa” bu gün toplanır - Namizəd açıqlanacaq?

Dünya

26 Yanvar 2023, 09:25

Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi proseslər daha qızğın hala gəlir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün müxalifətdəki "Altılı Masa" siyasi ittifaqının növbəti toplantısı keçiriləcək.

 

Bu toplantıya ittifaqdakı siyasi qüvvələrdən biri olan İYİ Partiya ev sahibliyi edəcək. Müttəfiqlər bir sıra məsələləri müzakirə edəcəklər.

 

Seçkilərin təhlükəsizliyi - müşahidəçi korpusunun formalaşdırılması və digər tədbirlər, 30 yanvarda elan olunması nəzərdə tutulan seçki bəyannaməsi üzərində son dəqiqləşdirmələr və maraq doğuran digər mövzular masada olacaq.

 

Vahid namizədlə bağlı məsələyə gəlincə, konkret ad açıqlanması nəzərdə tutulmasa da, bu mövzu gündəliyə daxil edilib. Belə ki, 6 partiya sədri ilk dəfə vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı məsələni müzakrə edəcəklər. Namizədin təyin olunmasının üsul və metodları, başlıca yollar barədə geniş şəkildə fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, bu, "Altılı Masa"nın sayca 11-ci toplantısı olacaq.

 

Seçkilərin tarixi rəsmi şəkildə elan olunmasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 14 may tarixi barədə anons verməsini nəzərə alsaq, seçkilərə çox az müddət qaldığını söyləyə bilərik. Təsadüfi deyil ki, müxalifətdəki ittifaqın nümayəndələri də ən geci fevral ayının ortalarında vahid namizədin adının açıqlanacağına eyham vururlar.

 

Xatırladaq ki, müxalifətin "Altılı masa" ittifaqına Kemal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin İYİ Partiyası, Temel Karamollaoğlunun Səadət Partiyası, Ahmet Davutoğlunun Gələcək Partiyası, Ali Babacanın DEVA Partiyası, Gültekin Uysalın Demokrat Partiyası daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır