Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İraq Nazirlər Şurasının türkmən dilinin istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərarını şərh edib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında bildirilib.
"İraq Nazirlər Şurasının Baş Katibliyinin verdiyi qərarla Kərkükdə türkmən dilinin rəsmi istifadəsinə məhdudiyyət qoyulduğu öyrənilib. Bu qərar İraqın qurucu və əsas ünsürlərindən biri olan türkmənlərin fundamental hüquqlarının pozulmasını təşkil edir. Bu, həm də İraq Konstitusiyasının müddəalarına açıq şəkildə ziddir. Əslində konstitusiyanın 4-cü maddəsi türkmən əhalisinin cəmləşdiyi inzibati vahidlərdə türkmən dilinin rəsmi dil olması müddəasını tənzimləyir. Eyni şəkildə İraq konstitusiyasının 125-ci maddəsi konstitusiyanın İraqı təşkil edən bütün komponentlərin inzibati və mədəni hüquqlarını təmin etdiyini vurğulayır. İraq və Kərkük vilayətinin əsas ünsürlərindən olan türkmənlərin hüquqlarına və həssaslıqlarına məhəl qoymayan bu cür addımlar Kərkükdə dinc və yanaşı yaşama mədəniyyətinin qurulması səylərinə zərər verəcək. Biz İraq hakimiyyətini bu qərarı tez bir zamanda yenidən nəzərdən keçirməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.