Modern.az

Türkiyədə seçki çəkişməsi böyüyür: gözləntilər nədir?

Türkiyədə seçki çəkişməsi böyüyür: gözləntilər nədir?

Dünya

6 Mart 2023, 17:57

Türkiyədə mayın 14-də keçiriləcək seçkilərlə bağlı müxalif düşərgədə maraqlı hadisələr yaşanır. İYİ partiyanın "Altılı masa"dan ayrılmasından sonra vahid namizədin kim olacağı ətrafında müzakirələr kəskinləşir. Rəsmən elan olunmasa da, müxalifət partiyalarının CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyi deyilir. Digər namizədlərə gəlincə, hələlik yekun qərar verilməyib. 


Bəs müxalif koalisiya daxilində baş verən hadisələr seçkilərə necə təsir edəcək? Bu seçkilərin Türkiyə siyasətinə hansı təsiri olacaq?


Mövzunu Modern.az-a şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının sözlərinə görə, Türkiyədə ilk dəfədir ki, prezident seçkiləri ərəfəsində müxtəlif siyasi qüvvələrin mümkün qədər vahid platformada toplanaraq seçkidə iştirak etmək niyyətində olduğu görünür.

 


"Türkiyənin indiyə qədər siyasi təcrübəsində belə şey olmayıb. Görünən odur ki, partiyalar çox geniş ittifaq yaradıb. Əvvəl ya müstəqil, ya da ikili və üçlü şəkildə parlament, bələdiyyə seçkilərində iştirak edirdilər. İYİ partiya hələlik "Altılı masa"nı tərk etmiş kimi görünür. Əvvəlki Türkiyə olsaydı, bütün bunlar ciddi məsələ kimi qəbul edilməyəcəkdi. Ancaq indi vəziyyət başqadır. Belə situasiyada İYİ partiyanın "Altılı masa"dan ayrılması ciddi rezonans doğurub. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri Meral Akşenerin açıqlaması, yəni CHP ilə İYİ partiyalarının fikir ayrılığı yaşaması, digəri isə iqtidardır", - deyə o bildirib. 


Politoloq vurğulayıb ki, Türkiyə iqtidarı üçün müxalif partiyaların anlaşa bilməməsi çox yaxşı fürsətdir:

 

"Onların arasında müəyyən bir hadisə yaşansaydı belə, indiki iqtidar bunu böyüdəcəkdi. Yəni cəmiyyətə müxalifətin birlik ola bilmədiyini göstərəcəkdilər. Ümumiyyətlə, yaradılan rezonansın bir hissəsi təbii, digəri isə sünidir. Çox güman ki, baş verənlər seçkilərin nəticəsinə də təsir edəcək. Hələ bütün namizədlərin kim olacağını bilmirik. Elə ola bilər ki, mövcud namizədlərdən biri geri addım atsın, ya da Kılıçdaroğlu kimi namizədlər seçkini ikinci tura apara bilər". 

 


A.Aslanlının sözlərinə görə, Türkiyədəki seçkilərin nəticəsi ölkənin xarici siyasətlə bağlı qərarlarına təsir etməyəcək:

 

"Türkiyədə əvvəldən gələn idarə etmə üsulları var. Sadəcə uzun müddətli AKP dönəmində bu xətdə ciddi dəyişikliklər oldu. Biz bunu Suriyada da gördük. Yəqin ki, 90-cı illərdəki Türkiyə olsaydı, fərqli hadisələr yaşanardı. Hakimiyyət gücləndiyi üçün həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi üzərində daha təsirlidir. Hakimiyyətdə dəyişiklik olsa, ölkə siyasətində müəyyən keçid dövrü yaşanacaq. Yəni iqtidara gələn şəxs həmin dəqiqə hər şeyi dəyişməyəcək. Ona görə ki, indiki hökumətin xarici siyasətlə bağlı atdığı addımların çoxu ya strateji məqsəddən, ya da böyük riskdən qurtulmaq üçündür. Həmçinin, hansı hakimiyyət gəlir gəlsin, bütün kadrları birdən-birə dəyişə bilməz. Yəni bu proses uzun vaxt tələb edir. İkidən çox və fərqli ideoloji cərəyanlara sahib olan partiyaların birlikdə milli təhlükəsizlik və xarici siyasət formalaşdırması çox çətin məsələdir. Birdən-birə siyasət dəyişikliyi etmək istəyən qüvvə ciddi risklərlə qarşılaşa bilər. Koalisiya hakimiyyətə gələrsə, bir müddətdən sonra aralarından daha güclü olan digərlərini sıradan çıxaracaq. Çünki irəlidəki mərhələlərdə koalisiya şəklində davam edə bilməz". 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu