Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu zəlzələ bölgəsində yerləşən Hatay vilayətinə gedib.
Modern.az xəbər verir ki, bu zaman o, xalqın sərt reaksiyası ilə üzləşib.
Belə ki, CHP lideri Kırıkhana baş çəkərkən, zəlzələdən zərərçəkmişlərin qaldığı çadırları ziyarət etməyib. İddia olunur ki, Kılıçdaroğlu öncədən seçilmiş insanlarla görüşüb.
Duruma reaksiya verən zəlzələdən ziyan görmüş vətəndaş Sude Çalışkan bu barədə belə deyib: "Kamal bəy gəlib içəridə danışır, ancaq buradakı insanlar onun vecinə deyil. Sırf rahat çıxış etsinlər deyə 3-5 nəfəri ətrafına toplayıblar. Buradakı insanlar nə deyəcək, nə istəyəcək - bu barədə düşünmürlər. Səhərdən burada gözləyirik”.
Başqa bir vətəndaş Müzeyyen Koçak da Kılıçdaroğlundan narazı qalıb: “Mətbəxdə nə danışacaqdılar? Ondansa, tək-tək başsağlığı diləyib, ehtiyaclarımızı soruşsaydılar, daha yaxşı olardı. Hamını mətbəxə doldurdular, kimsə sığışdı, kimsə yox. Yağış yağır deyə mətbəxə girdilər. Camaat isə yağış altında qaldı. Bələdiyyə sədri Lütfü Savaşı ilk dəfə gördük. Bundan qabaq heç gəlməmişdi”.