Bu gün İranda tufanqabağı səssizlik hökm sürür. Sabah isə ölkədə prezident seçkiləri baş tutacaq.
Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, öz sərt qayda-qanunları ilə seçilən İran bu dəfə də ənənəni qoruyub saxlayır. Ölkədə seçki öncəsi siyasi təbliğat keçirilə bilməz. Bu ona görə qadağan olunub ki, xalq çox sakit bir formada, heç bir müdaxiləsiz öz seçimini etsin.
Xatırladaq ki, seçim 6 namizəd arasında aparılacaq. Son məlumatlara görə isə hələki seçkinin favoriti Tehran merı Məhəmmədbağır Qalibafdır.
Səsvermədə 50 milyondan çox seçicinin iştirakı gözlənilir. Bu günədək namizədlər teledebatların 3 raundundan keçib, ölkənin bütün şəhərlərini gəzərək seçicilərlə görüşüblər. Sabah İran xalqı 6 namizəd arasında seçim edəcək:
Səid Cəlili, Ali Milli Təhlükəsizlik Şurasının rəisi
Əli Əkbər Vilayəti, dini liderin baş müşaviri
Məhəmmədbağır Qalibaf, Tehranın meri
Həsən Ruhani, dini liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi (islahatçıların namizədi)
Möhsün Rzayi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü
Məhəmməd Qərəzi, “Məşanir” şirkətinin baş direktoru.
Hazırda İran mətbuatının xəbərlərinə görə mübarizə əsas iki namizəd arasında gedir, bu, Cəlili və daha əvvəl yuxarıda adını qeyd etdiyimiz Qalibafdır.
Cəlili İran-İraq müharibəsinin əlilidir. Müharibədə Cəlili ayağını itirib.
Qalibafın dəstəkçiləri isə gənclərdən, intellektual elitadan və biznesmenlərdən olan auditoriyadır.
Çoxları deyir ki, o, İran vətəndaşları üçün çox işlər görüb, xəstəxanalar, məktəblər tikdirib, yollar saldırıb və sairə. Onu 18 milyon əhalisi olan Tehran şəhəri də dəstəkləyir.
Günəş FƏRHADLI