Modern.az

İsraildə ümummilli tətil başa çatdı - Vəziyyət normallaşır

İsraildə ümummilli tətil başa çatdı - Vəziyyət normallaşır

27 Mart 2023, 22:54

İsraildə qalmaqallı məhkəmə islahatları haqqında qanunların geri çəkilməsindən sonra ölkə üzrə elan edilən ümummilli tətil dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə tətilin təşkilatçısı olan “Histadrut” həmkarlar ittifaqının sədri Arnon Bar-David məlumat verib.

 

İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə islahatının təsdiqini yaya qədər təxirə salmasını elan etməsindən sonra tətilin dayandırılması barədə qərar qəbul olunub. Yerli qəzetlərin məlumatına görə, hava limanının işçiləri dərhal tətili başa çatdırıb və Ben Qurion hava limanında vəziyyət normallaşıb.

 

"Milli məsuliyyət hissi və vətəndaşlarımız arasında parçalanmanın qarşısını almaq istəyi ilə qanun layihəsinin ikinci və üçüncü oxunuşlarını dayandırmaq qərarına gəldim", - Netanyahu bildirib. ABŞ və Britaniya onun bu qərarını alqışlayıb.

 

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI