"Rusiya ilə əməkdaşlığa və dövlətə xəyanətə görə cinayət təqibi ilə yanaşı, belə şəxslərin seçkilərdə iştirakını qadağan edən qiymətləndirmə mexanizmi hazırlanacaq. 2014-cü ildən Rusiya Federasiyasında işləyən dövlət qulluqçuları məhkəmənin qərarı ilə məsuliyyətə cəlb olunacaqlar. Onların dövlət orqanlarında işləməsinə qadağa qoyulması və dövlət pensiyasından məhrum edilməsi də vacibdir".
Modern.az xəbər verir ki, bunu feysbuk səhifəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov yazıb. O, ölkəsinin Krımın azad olunmasından sonra atacağı addımları və planları açıqlayıb.
"Daşınmaz əmlak da daxil olmaqla, 2014-cü ilin fevralından sonra Ukrayna qanunlarına uyğun olmayan təsdiq edilmiş müqavilələr ləğv edilir. Mülkiyyət hüququ Ukrayna vətəndaşlarında qalır. Krım körpüsü tamamilə söküləcək. Rusiya Federasiyasında çalışmış təbliğatçılara və KİV işçilərinə xüsusi diqqət yetiriləcək. Onlar həmçinin dövlət təqaüdlərindən, titullarından, əmlakından məhrum edilməklə, cinayət təqibinə məruz qalacaqlar. 2014-cü ilin fevral ayından sonra Krım yarımadasına qeyri-qanuni yaşamağa gələn Rusiya Federasiyası vətəndaşları Ukrayna ərazisini dərhal tərk etməlidirlər. Rusiya Federasiyasının işğala müqavimət göstərən ukraynalılara qarşı cinayətləri ilə bağlı faktların sənədli bazası yaradılacaq. Ukraynalıların və Krım tatarlarının fəallarının hüquqları bərpa olunacaq", - o qeyd edib.
"Rusiya Federasiyası tərəfindən 2014-cü ildən siyasi motivlərlə təqib edilən ukraynalılar və Krım tatarları dəymiş ziyanın ödənilməsi şərti ilə dərhal azad olunacaqlar. Sevastopolun adı Axtiyar olacaq", - Danilov əlavə edib.