Ötən gün ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk müxalifətin təmsil olunduğu "Millət ittifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüş keçirib. Seçkiöncəsi baş tutan görüşün detalları mətbuata açıqlanmayıb. Lakin ehtimal olunur ki, danışıqların əsas mövzusu mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri olub.
ABŞ səfirinin Kılıçdaroğlu ilə görüşünə Prezident Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib. Amerikalı diplomatı tənqid atəşinə tutan Ərdoğan bir daha onunla görüşməyəcəyini diqqətə çatdırıb.
"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, başını işlət. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir. Qapılarımız onun üçün bağlıdır. Niyə? Qoy yerini bilsin", - deyə Ərdoğan xəbərdarlıq edib.
Maraqlıdır, ABŞ səfirinin CHP lideri ilə görüşü Ərdoğanı niyə qəzəbləndirib? Bu addım seçkidə Vaşinqtonun Kılıçdaroğlunu dəstəkləməsinə işarədir?
Mövzu ilə bağlı Modern.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy qeyd edib ki, ABŞ rəsmi olmasa da, gizli şəkildə Kılıçdaroğlunu dəstəkləyir.
"ABŞ tərəfindən Kılıçdaroğlunu dəstəklədikləri ilə bağlı rəsmi açıqlama yoxdur. Belə olsaydı, bu, birbaşa Türkiyənin daxili işinə qarışmaq olardı. Bu da cəmiyyətdə çox neqativ reaksiya doğurardı. Belə hadisənin baş verməsini Kılıçdaroğlu özü də istəməzdi. Ümumiyyətlə, ABŞ bu seçkilərdə Ərdoğanın qarşısında olan şəxsin qalib olmasını istəyir. Bunu Qərb mediasına və Amerika elitasının nümayəndələrinin mövqeyinə baxdıqda görmək olar. Yəni bu fonda deyə bilərik ki, Avropa və ABŞ Kılıçdaroğlunun hakimiyyətə gəlməsinin tərəfdarıdır",- deyə politoloq bildirib.
N.Cəfərsoy vurğulayıb ki, Ərdoğanın Qərblə bağlı atdığı addımlar, onun xarici siyasəti bəzən Avropada narazılıq doğurur. Bu səbəbdən Qərb ölkələri Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı görünmür:
"Məhz bunlara görə Qərb üçün ən arzuolunan namizəd Kılıçdaroğludur. Ümumiyyətlə, Qərb ilə Ərdoğan hakimiyyəti arasında münasibətlər soyuqdur. Türkiyə cəmiyyəti üç məsələyə çox həssas yanaşır. Bunlardan birincisi odur ki, Türk xalqı qərarını özü verməyi, yəni kənardan müdaxilə edilməməsini istəyir. Ona görə də müəyyən qüvvələrin kənardan onlara tövsiyə verməsi adətən tərs reaksiyaya səbəb olur. İkincisi budur ki, Türkiyə cəmiyyəti ABŞ-a antipatiya bəsləyir. Bunun səbəbi kimi, Amerikanın PKK terror təşkilatına, FETÖ-yə verdiyi dəstək, Kipr məsələsində sərgilədiyi mövqe, Türkiyənin silah sənayesinə qarşı atdığı addımlar Türk xalqında inamsızlıq yaradıb. Adətən keçirilən anketlərdə ABŞ güvənilməyən, hətta düşmən ölkə kimi üst sıralarda yer alır. Üçüncü məsələ isə budur ki, türk xalqı xaricdən dəstək alıb hakimiyyətə gəlmək istəyən şəxslərə neqativ yanaşıb. Məhz sadaladığımız 3 nüans Qərbin, xüsusilə ABŞ-ın Türkiyə daxilində sevilməməsinin səbəbləridir".