"Vaqner" muzdluları Ukraynanın Baxmut şəhərinin inzibati binasını ələ keçirə biliblər və Rusiya hərbçiləri şəhərin mərkəzinə doğru irəliləyir.
Modern.az xəbər verir ki, bununla bağlı Müharibə Araşdırmaları İnstitutunun son icmalında məlumat verilib.
Təhlilçilər şəhər administrasiyasının dağıdılmış binasının üzərində Rusiya bayrağı olan videogörüntülərin real olduğunu təsdiqləyib və "Vaqner"çilərin binanı ələ keçirdiyini bildiriblər.
Muzdlu döyüşçülər şəhərin mərkəzinə nəzarəti ələ keçirməyə və Xromovoe istiqamətində qərbə doğru hərəkət etməyə cəhd edirlər.
Qeyd edək ki, uzun müddətdir döyüşlərin davam etdiyi Baxmut şəhərinin sahəsi 40 kv.km-dən bir qədər çoxdur. Şəhərin ərazisinin təxminən 65 faizi Rusiyanın nəzarəti altındadır.