"İndiki Kiyev rejimi və ağaları Ukrayna ərazisində kanonik pravoslavlığı təkcə qadağan etməyə yox, sözün əsl mənasında fiziki cəhətdən məhv etməyə çalışırlar".
Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Belarus prezidenti Aleksandr Lukaşenko ilə Minskdə keçirdiyi görüşdə deyib.
Narışkin Polşanın ünvanına ağır ittihamlar səsləndirib: "Polşa rəhbərliyi Ukrayna ərazilərinin bir hissəsinə nəzarəti ələ keçirmək üçün yaxşı an gözləyir. Buna görə də Varşava münaqişənin sülh yolu ilə həllini istəmir və buna qarşı çıxır".
"Qərb Gürcüstanı Rusiya ilə münaqişəyə girməyə məcbur edir. Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini ikinci cəbhənin açılmasının zəruriliyinə inandırmaq üçün israrlı cəhdlərini görürük. Onlar görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil", - o əlavə edib.
Narışkin Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderini "biabırçı qərar” adlandırıb. Onun fikrincə, “qlobal cənub” ölkələrinin Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarına münasibəti Qərb paytaxtlarının ümid etdiyinin tam əksi olacaq.