Bu gün məhkəmə ABŞ-ın sabiq prezidenti Donald Trampın qiyabi həbsinə qərar verib. Bu qərar onun həbsxanaya salınması demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır. Ancaq Tramp ABŞ-ın həbs edilən ilk keçmiş prezidenti deyil.
Modern.az xəbər verir ki, "The New York Times" qəzeti tarixdə həbs edilən daha bir ABŞ Prezidentinin adını açıqlayıb.
Nəşrin məlumatına görə, 1872-ci ildə ABŞ-ın 18-ci prezidenti Uliss Qrant Vaşinqton küçələrində iki atlı faytonda gedərkən sürət həddini aşdığına görə həbs edilmişdi. Həmin gün polis Qrantı iki dəfə saxlayıb, birinci dəfə ona xəbərdarlıq edilib, ikinci dəfə qiyabi həbs olunub.
Qrant və onunla bərabər bir neçə dostu polis bölməsinə aparılıb. Onların hamısından 20 dollarlıq istiqraz yerləşdirməsi tələb olunub. Bu məbləğ hazırda təxminən 500 dollara bərabərdir.
Qrantın tərcümeyi-halındakı həmin epizod ictimaiyyətə açıqlanmayıb. 1908-ci ildə Vaşinqtonda fəaliyyət göstərən "The Sunday Star" qəzeti ABŞ-ın 18-ci prezidentini həbs edən polis zabiti ilə müsahibəni dərc etdikdən sonra hadisə ictimaiyyətə məlum olub.