Xəbər verdiyimiz kimi, Türkiyədə keçiriləcək parlament seçkilərində müxalifətdəki "Millət İttifaqı"nın deputatlığa namizədləri iki proporsional siyahıdan - CHP və İYİ Partiya siyahılarından irəli sürülüb. İYİ Partiya seçkilərə müstəqil siyahı ilə, ittifaqa daxil olan digər 5 partiya isə vahid siyahıdan (CHP siyahısından) qatılıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP ittifaqa daxil olan müttəfiqlərinə öz siyahılarında 76 yer verib.
Belə ki, Ali Babacanın sədrlik etdiyi DEVA Partiyası 25, Temel Karamollaoğlunun başçılıq etdiyi Səadət Partiyası 24, Ahmet Davutoğlunun rəhbəri olduğu Gələcək Partiyası 19, Gültekin Uysalın lideri olduğu Demokrat Partiya isə CHP siyahılarında 3 yerlə seçkilərə gedib. Bundan başqa, müstəqil siyahı üzrə namizədlərini irəli sürən İYİ Partiya da CHP siyahılarından daha 5 yer əldə edib.
"Millət İttifaqı"na daxil olmayan, lakin Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləyən Türkiyə Dəyişim Partiyasının (CHP-dən qopub - red.) sədri Mustafa Sarıgül də CHP-nin proporsional siyahısından deputatlığa namizəd göstərilib ki, bununla da say 77-yə çatıb.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək.