Əgər Rusiya Federasiyası Kiyevin təklifindən imtina edərsə, o zaman Ukrayna əsgərləri Krımı güc yolu ilə azad edəcək.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsi Tamila Taşeva yerli mətbuata müsahibəsində deyib.
"Yaxşı, gəlin, Krımdan necə çıxacağınızdan (Söhbət rusların Krımı tərk etməsindən gedir-red) danışaq. Onsuz da buradan gedəcəksiniz, çünki biz artıq təchizat zəncirinizi məhv edirik, sizi küncə sıxışdırmışıq. İstənilən müharibə onsuz da bir növ danışıqlar prosesi ilə başa çatır",- deyə Taşeva söyləyib.
O, əlavə edib ki, əgər düşmən buna getməsə, o zaman Kiyev hərbi yolla ərazini azad etməyə davam edəcək.
Qeyd edək ki, Ukrayna tərəfi öz torpaqlarını, xüsusən də Krımı güc yolu ilə azad etmək qərarına gəlib. Krımda işğalçılar fəal şəkildə müdafiəyə hazırlaşırlar. Məlum olub ki, separatçılar artıq istehkamlar tikir, insanları səngər qazmağa məcbur edirlər.
Xatırladaq ki, Ukraynanın Krım yarımadası 2014-cu ildə Rusiya tərəfindən ilhaq olunub.