Ukrayna ilə bağlı məlumatların sızması ABŞ-ın müttəfiqləri ilə münasibətlərində böhrana səbəb olub.
Modern.az xəbər verir ki, bununla bağlı ABŞ və Avropadakı mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, yüksək rütbəli ABŞ rəsmiləri Ukraynadakı müharibə ilə bağlı məxfi məlumatların sızmasından sonra müttəfiqləri arxayınlaşdırmağa çalışır.
Müxtəlif ölkələrdən olan dörd məmur nəşrə bildirib ki, ABŞ kəşfiyyatının yüksək rütbəli əməkdaşları, Dövlət Departamenti və Pentaqon rəsmiləri kəşfiyyat məlumatlarının açıqlanması ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün digər ölkələrdəki həmkarları ilə əlaqə saxlayıb.
London, Brüssel, Berlin, Dubay və Kiyev rəsmiləri Vaşinqtona məxfi məlumatların internetdə necə peyda olduğu, sızmada kimin məsuliyyət daşıdığı və məlumatların sosial mediadan silinməsini təmin etmək üçün ABŞ-ın nə etdiyi barədə suallar verməyə başladı.
Qeyd edək ki, "Twitter" və "Telegram" platformalarında ABŞ və NATO-nun məxfi planlarının detalları əks olunan sənədlər yayılıb. Yayılan sənədlərdə ABŞ və NATO-nun planlaşdırılan hücumdan əvvəl Ukrayna silahlı qüvvələri ilə bağlı planları təsvir edilib. Hərbi analitiklərin fikrincə, sənədlər qismən redaktə olunub. Belə ki, ABŞ-ın müharibədə ölən ukraynalılarla bağlı təxminləri sənədlərdə şişirdilib və Rusiya Federasiyasının itkiləri az göstərilib.