Avropa Parlamentinin həbsdə olan sabiq vitse-prezidenti Eva Kaili ev dustaqlığına buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
44 yaşlı yunanıstanlı deputat Brüsselin şimalındakı Haren həbsxanasından Avropa Parlamentinin yaxınlığındakı mənzilinə aparılıb. Bildirilib ki, rüşvətə görə həbs edilən sabiq deputat elektron qolbaq taxacaq və Belçikanı tərk edə bilməyəcək. O, həbsi ilə bağlı jurnalistlərə geniş açıqlama verəcəyini deyib.
Kaili Avropa İttifaqının siyasətinə təsir etmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda ittiham olunur. KİV-in məlumatına görə, onun mənzilindəki çarpayıdan 150 min avro pul tapılıb.
Qeyd edək ki, Eva Kaili ermənipərəst mövqeyi və Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentarilərdən biri olub. Eyni iş üzrə Avropa Parlamentinin digər üzvü, belçikalı Mark Tarabella fevral ayında saxlanılıb və bu həftənin əvvəlində ev dustaqlığına buraxılıb.