Bu gün Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan ilə Sergey Lavrov arasında görüş keçirilib. XİN başçılarının görüşü MDB Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclası çərçivəsində baş tutub.
Modern.az xəbər verir ki, Rusiya XİN danışıqların detallarını açıqlayıb.
Bildirilib ki, Mirzoyan və Lavrov əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan-Ermənistan münasibətlərinin bütün vasitələrlə normallaşdırılması üçün səylərin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.
Bundan əlavə, nazirlər diplomatik kanallar vasitəsilə gələcək təmaslara dair razılıq əldə ediblər.
Qeyd edək ki, bu gün Səmərqənddə MDB ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib. İclasın gündəliyinə MDB ərazisində əməkdaşlığın müxtəlif sahələrinə dair 10-a yaxın məsələ daxildir. Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.