İranda hicab taxmamağa çağırış edən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.
Modern.az xəbər verir ki, bu barədə İran baş prokurorunun müavini Əli Camadi bildirib.
O qeyd edib ki, ölkənin cinayət məhkəmələri qadınları hicab taxmamağa çağıran şəxsləri mühakimə edəcək. İran rəsminin sözlərinə görə, bu şəxslər hökmdən apellyasiya şikayəti vermək hüququ olmadan mühakimə olunacaqlar.
"Bu cür təbliğata görə cəza hicabın çıxarılmasından qat-qat ağır olacaq”, - Camadi deyib.
2022-ci ilin payızında İranda kütləvi etirazlar keçirilib. Aksiya əxlaq polisi tərəfindən hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Məlumata görə, etirazlar zamanı 19 minə yaxın insan saxlanılıb, onlardan bir neçə yüz nəfəri ölüm cəzasına məhkum edilib.