Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan vətəndaşlara maraqlı seçki vədi verib.
Modern.az xəbər verir ki, Oğan "Babala TV"də Oğuzhan Uğurun qonağı olub.
Siyasətçi notarius əməkdaşlarının hüquqları ilə bağlı suala cavab verərkən, ad çəkmədən prezident seçilərsə, Türkiyədə "ASAN Xidmət" modelində sistem qurulacağını açıqlayıb.
"Türkiyə dünyadakı ən bürokratik sistemi tətbiq edən ölkələrdən biridir. Dövlətin vəzifəsi vətəndaşa xidməti asanlaşdırmaqdır. Biz şəhərlərin müəyyən hissələrində xüsusi binalar ayıracağıq. Orada mülkiyyət çıxarışı, notarius, rüsum ödəmək və sair xidmətləri almaq üçün fərqli yerlərə getməyə ehtiyac olmadan xidmət göstəriləcək. Bir bina və sistem düşünün ki, içində poçt var, notarius var, bank var, pasport şöbəsi var. Yəni dövlət idarələrinin hər birinin təmsilçisi olacaq. Parkinqi də olacaq. İçinə girib bütün prosedurları asan, rahat və qısa vaxtda həyata keçirmək mümkün olacaq. Biz hər zaman dostlarımızla innovativ düşünməyə, vətəndaşlarımıza xidməti asanlaşdırmağa, demokratikləşdirməyə necə nail olacağımızı müzakirə edirik", - deyə prezidentliyə namizəd qeyd edib.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 14 mayda baş tutacaq.