Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş parlament seçkilərində partiyanın daxil olduğu "Əmək və Azadlıq İttifaqı"nın toplayacağı səsdən danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş ittifaqın səs faizinin artacağını vurğulayıb.
"Əmək və Azadlıq İttifaqı" qarşıdakı parlament seçkilərində ən az 15 faiz səs alacaq. Bundan aşağı olmayacaq. Hətta 20 faiz səs almağa yaxınlaşmaqdayıq", - deyə o bildirib.
Türkiyədə keçirilən müxtəlif sosioloji rəy sorğuları TİP-ə cəmiyyətdə dəstəyin artdığını göstərir. Partiya öz proporsional siyahısından tanınmış incəsənət xadimlərini, aktivistləri və digər profil və kəsimlərdən olan fəal vətəndaşları deputatlığa namizəd göstərib.
Qeyd edək ki, "Əmək və Azadlıq İttifaqı"na Xalqların Demokratik Partiyası (HDP), Türkiyə Fəhlə Partiyası (TİP), Əmək Partiyası (EMEP), Əməkçi Hərəkat Partiyası (EHP), İctimai Azadlıq Partiyası (TÖP), Yaşıllar və Sol Gələcək Partiyası (YSP) və Sosialist Məclislər Federasiyası (SMF) daxildir. Bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı. Daha sonra ittifaq "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəklərini rəsmi şəkildə elan edib.