Yaponiyada hökumət COVID-19-u mövsümi qripin aşkar edildiyi "Kod 5" xəstəlik kateqoriyasına daxil edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən "Kod 2" kateqoriyasından çıxarıb.
Yeni qərara uyğun olaraq, COVID-19 artıq qanuni olaraq mövsümi qripin aşkarlandığı "Kod 5" xəstəlik kateqoriyasında olacaq. Belə ki, epidemiya ilə bağlı analizləri müsbət çıxan və yaxın təmasda olan şəxslər üçün tətbiq olunan karantin prosedurları ləğv edilib.
Hökumətin fövqəladə vəziyyət elan etmək səlahiyyəti, o cümlədən iş saatlarının qısaldılması və tələblərə əməl edilməməsinə görə cəza sanksiyalarının tətbiqi də ləğv olunub.
Əvvəllər müəyyən səhiyyə müəssisələrində müalicə alan COVID-19 xəstələri ölkə üzrə xəstəxanalarda xidmət almaq hüququ əldə edə biləcəklər.
Qeyd edək ki, ilk yoluxmanın 2020-ci ilin yanvarında müşahidə edildiyi Yaponiyada, 2022-ci ilin sentyabrında 20 milyonu keçən yoluxma halları martın ilk həftəsində 30 milyonu ötmüşdü.