Çin sədri Si Tsinpin ölkəsində səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib və onu 70 illik yubileyi münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
“Bu gün siz Çinə dövlət səfərinizi edirsiniz ki, bu da bizim ikitərəfli əməkdaşlığımızın yüksək səviyyəsini əks etdirir və Çinlə sıx əlaqələrinizi bir daha təsdiqləyir. Biz Çin-Qazaxıstan münasibətlərinin qızıl 30-cu ildönümünün yeni səhifəsini açmışıq. Ölkələrimiz dostluq, qarşılıqlı dəstək ənənələrini inkişaf etdirməli və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməlidir”, - deyə Çin sədri bildirib.
Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi, neft-qaz, neft-kimya, enerji, maliyyə, nəqliyyat və tranzit sektorları, təhsil və elm sahələrində hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.