Çinin xüsusi nümayəndəsi Li Huinin Kiyevə səfərinin təfərrüatları məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin nümayəndəsi Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə yanaşı, Prezident Ofisinin rəhbəri Andriy Yermakla, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşüb. XİN-in yaydığı məlumatın əsas hissəsini Çinin sülh planı ilə bağlı arqumentlər təşkil edir.
“Li Hui Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyini açıqlayıb və bildirib ki, Çin sədri Si Tsinpinin təklif etdiyi “4 prinsip”, “4 ümumi prinsip” və “3 baxış nöqtəsi” Çinin münaqişənin siyasi həlli üçün əsas istiqamətlərdir”, - deyə bildirilib.
Eyni zamanda, “böhranı həll etmək üçün bütün tərəflər müharibəni dayandırmaq üçün özlərindən başlamalı, qarşılıqlı etimad formalaşdırmalı və sülh danışıqları üçün şərait yaratmalıdırlar. Çin beynəlxalq ictimaiyyətə Ukrayna böhranının həlli üçün ən böyük ortaq məxrəci formalaşdırmağa kömək etməyə hazırdır və hərbi əməliyyatları mümkün qədər tez bitirmək, sülhü bərpa etmək üçün öz səylərini göstərməyə hazırdır”, - nazirliyin açıqlamasında deyilir.