Türkiyədə seçkilərin ilk turunda "ATA İttifaqı"nın prezidentliyə namizədi olmuş Sinan Oğanla "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu arasında görüş keçirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Gələcək Partiyasının üzvlərindən Feramaz Üstünün ofisində gerçəkləşdirilib.
Məlumata görə, Oğan-Davutoğlu görüşü 3 saata qədər davam edib. Əsas müzakirə mövzusunun prezident seçkilərinin ikinci turunda sərgilənəcək mövqe olduğu vurğulanıb.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı barədə məlumat yayılmışdı.