Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) informasiya və kommunikasiya texnologiyaları üzrə yeni sədr müavini bəlli olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu posta Devrim Barış Çelik gətirilib.
Çelik həm partiya məclisində, həm də idarə heyətində təmsil olunacaq.
Qeyd edək ki, mayın 16-da CHP sədri Kemal Kılıçdaroğlunun informasiya və kommunikasiya texnologiyaları üzrə müavini Onursal Adıgüzel istefa vermişdi: "İctimai rəydə əmələ gələn qənaətə görə seçki axşamı sistemlərimizin işləməsinə və heç bir texniki nasazlıq yaşanmamasına baxmayaraq sədrimiz cənab Kemal Kılıçdaroğlunun seçki prosesinə zərər verməmək üçün 2018-ci ildən bəri davam etdirdiyim vəzifəmdən ayrılıram".
Adıgüzel partiyanın seçki nəticələrinin yükləndiyi elektron informasiya bazası üzrə cavabdeh şəxs olub.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.