Mayın 28-də seçki qutularını boş buraxmayın!
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.
"Seçki qutusunu boş qoysaq, kimsə gəlib onu dolduracaq. Bizim ən böyük düşmənimiz qələbə eyforiyasıdır",- deyə "Cümhur ittifaqı"nın prezidentliyə namizədi tərəfdarlarına çağırış edib.
"Biz birləşəcəyik, imperialistlərin oyununu pozmaq üçün qardaş olacağıq. Sözümüz təkpartiyalı faşizmin qalıqlarını, ipin bir ucunu terror təşkilatlarının, bir ucunu isə qlobalistlərin əlinə verənlərin ikiüzlülüyünə son qoy deyənlərədir. Bizim vədimiz millətimizədir. Siyasi həyatımızın hər dövründə olduğu kimi, bu gün də sözümüz millətimizədir”,- Ərdoğan əlavə edib.
Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.