Modern.az

Balkan yarımadasında müharibə təhlükəsi - Kosovada nə baş verir...

Balkan yarımadasında müharibə təhlükəsi - Kosovada nə baş verir...

30 May 2023, 09:15

Ötən həftənin sonundan başlayaraq əsasən etnik serblərin yaşadığı Kosovanın şimalında vəziyyət gərginləşib.

 

Modern.az xəbər verir ki, etirazçılarla toqquşmada 40-a yaxın NATO sülhməramlısı yaralanıb.

 

Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczki toqquşmalar zamanı 20 macar əsgərin xəsarət aldığını, onlardan 7-sinin ağır yaralandığını və müalicə üçün Macarıstana aparılacağını bildirib.

 

Toqquşmalarda italyan əsgərlər də yaralanıb. İtaliyanın Baş naziri Giorgia Meloni deyib ki, baş verənlər tamamilə qəbuledilməz və məsuliyyətsizlikdir: "Kosova hakimiyyətinin növbəti birtərəfli hərəkətlərindən qaçınmaq və bütün tərəflərin gərginliyi azaltmaq üçün dərhal geri addım atması həyati vacibdir”.

 

Serbiya prezidenti Aleksandr Vuçiç hadisələr zamanı 3-ü ağır olmaqla 52 serbin yaralandığını açıqlayıb. Kosova prezidenti Vjosa Osmani serb həmkarı Aleksandar Vuçiçi bölgədə sabitliyi pozmaqda ittiham edib. "Cinayətkar dəstələrə çevrilən qeyri-qanuni serb strukturları Kosova polisinə, KFOR (NATO sülhməramlıları - red.) zabitlərinə və jurnalistlərə hücum edib. Vuçiçin Kosovanın şimalında sabitliyi pozmaq əmrini yerinə yetirənlər ədalət qarşısında cavab verməlidirlər", - Osmani bildirib.

 

Vuçiç isə gərginliyə görə Kosovanın baş naziri Albin Kurti ittiham edib. O, Kosovadakı serbləri NATO əsgərləri ilə toqquşmadan qaçmağa çağırıb.

 

Qeyd edək ki, Kosovanın şimalındakı gərginliyə səbəb aprelin 23-də ərazidə keçirilən yerli seçkilər olub. Seçkilər nəticəsində Kosovanın şimalında yerləşən 4 şəhərin meri etnik albanlar seçilib. Serblər seçkiləri boykot edib və seçici fəallığı cəmi 3.5% olub.

 

Mer seçilən siyasətçilər mayın 25-də and içib, ancaq Kosovanın serb liderləri “bölgənin işğalına” icazə verilməyəcəyini və “iyunun 1-dən etibarən Kosova hakimiyyətinin repressiyalarına qarşı hər vasitə ilə özlərini müdafiə edəcəkləri”ni bildiriblər.

 

Yerli serblər artıq cümə günü hərəkətə keçməyə başlayıblar, onlar şəhər administrasiyalarının binalarına girişi bağlayıblar. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib və izdihamı dağıdıb. Kosova hakimiyyəti insidenti konstitusiya quruluşuna hücum adlandırıb.

 

Kosovanın şimalında baş verən hadisələrə Belqradın reaksiyası son dərəcə sərt olub. Serbiya prezidenti Aleksandr Vuçiç ordunun yüksək döyüş hazırlığına gətirilməsini əmr edib, müdafiə naziri Miloş Vuçeviç isə orduya Kosova ilə sərhədə doğru “irəliləmək” əmri verildiyini bildirib.

 

Regional ekspertlər xəbərdarlıq edir ki, Kosovanın şimalında mövcud vəziyyət genişmiqyaslı toqquşmalara çevrilə bilər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!