Türkiyədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsindən sonra əsas müzakirə mövzularından biri qurulacaq yeni hökumətin tərkibidir.
Modern.az xəbər verir ki, "Reuters" agentliyi Türkiyədəki mənbələrindən məsələ ilə bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, hökumətin tam tərkibi ilə bağlı yekun siyahı hələ məlum olmasa da, kabinədə mütləq təmsil olunacaq 3 fiqur var. Bunlar hazırda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olan Hakan Fidan, prezidentin sözçüsü İbrahim Kalın və sabiq maliyyə naziri Mehmet Şimşekdir.
Fidan və Kalın Ərdoğanın ən çox güvəndiyi kadrlarından hesab olunurlar. Şimşek isə iqtisadi vəziyyəti düzəltmək üçün beynəlxalq səviyyədə də nüfuza malik uyğun texnokrat persona sayılır.
Qeyd edək ki, bu gün Ali Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini elan edəcək. Daha sonra yaxın günlərdə andiçmə mərasiminin keçirilməsi gözlənilir. Hökumətin tərkibi andiçmədən sonra açıqlanacaq.