Paris bələdiyyəsi paytaxtda sayı artmaqda olan siçanlarla “birlikdə yaşamaq” kampaniyası başladıb. Bu məqsədlə xüsusi komitə yaradılacaq.
Modern.az xəbər verir ki, təklif bələdiyyə sədri Anne Hidalqo tərəfindən irəli sürülüb.
Bələdiyyə sədrinin köməkçisi Anne Souyris insanların siçanlarla birgə yaşamalı olduğunu deyərək, bu istiqamətdə işçi qrupu səviyyəsində işlərin görüləcəyini deyib.
"Siçanlarla yaşamaq problemini aradan qaldırmaq üçün bələdiyyə sədri Hidalqo ilə birgə iş qrupu yaratmağa qərar verdik. Bu mövzuda təsirli olmaq və paytaxt əhalisi üçün birdəfəlik həll yolu tapmaq istəyirik. Qurulacaq işçi qrupu fərqli seqmentlərlə görüşərək siçanlarla yaşama variantlarını müzakirə edəcək", - açıqlamada deyilir.
Paris Heyvanları Mühafizə Cəmiyyəti siçanlarla birgə yaşamaq təklifini alqışlayıb.