ABŞ hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurasına veto hüququ olmayan altı daimi üzvün daxil edilməsini təklif edir.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti Co Bayden yenidən təşkilatlanma yolu ilə inkişaf etməkdə olan ölkələrin dünya təşkilatına təsirini genişləndirmək istəyir.
Məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu payızda dünya liderlərinin Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı fikirləri öyrənmək üçün təşkilatın 193 ölkəsinin diplomatları ilə məsləhətləşmələr aparır.
Qəzet yazır ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq üçün təşkilata üzv olan 193 ölkədən ən azı 128-i təklifi dəstəkləməlidir. BMT Nizamnaməsində dəyişikliklər edilməsi üçün Təhlükəsizlik Şurasının bütün daimi üzvləri qərarı ratifikasiya etməlidir.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri veto hüququna malikdir. Şuranın coğrafi əsasda seçilən 10 üzvü isə qeyri-daimi üzv statusuna malikdir.