Rusiya Dövlət Dumasının deputatı Adəm Dəlimxanov yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda" teleqram kanalında məlumat yayılıb.
Bildirilir ki, o ağır yaralansa da, sağdır. Hadisə ilə bağlı Rusiya Dövlət Dumasında məlumat verilib. Çeçenistan rəhbəri Ramzan Kadırovun ən yaxın silahdaşı hesab edilən Dəlimxanovun harada yaralandığı açıqlanmayıb.
Dövlətə məxsus “RİA Novosti” agentliyi Dövlət Dumasının deputatı Dmitri Kuznetsova istinadən yazır ki, Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin Dəlimxanovla “indicə danışıb”, “o sağdır və yaxşıdır”.
Bir gün əvvəl Kadırov məlumat verib ki, Axmat batalyonunun döyüşçüləri Ukrayna ilə həmsərhəd Belqorod vilayətində əməliyyatlara cəlb olunacaq. Dəlimxanov Belqorod qubernatoru Vyaçeslav Qladkov, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri və Rusiya Qvardiyasının regional idarəsinin rəhbərliyi ilə görüşüb.
Ötən il Dəlimxanov Mariupolun ələ keçirilməsində iştirak edən çeçen dəstələrinə komandanlıq edib.