Yunanıstan sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yunanıstan Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı 78 nəfər ölüb. Gəminin 100-dən çox sərnişini xilas edilib. Sağ qalanlar Kalamata şəhərinə aparılıb.
Müxtəlif mənbələrə əsasən, gəmidə 400-700 arası insan olub. Peloponnes periferiyası administrasiyasının mətbuat xidməti ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını istisna etmir.
KİV gəmidəki sərnişinlərin əksəriyyətinin Əfqanıstan, Suriya, Misir və Pakistandan olan kişilər olduğunu yazıb. Onlar Liviyadan İtaliyaya gedirmişlər.
BMT-nin məlumatına görə, ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 72 mindən çox miqrant gəlib. Eyni zamanda, qəzalar zamanı minə yaxın insan həlak olub və ya itkin düşüb.