Ermənistanın Baş naziri Nikol Paşinyan 19 oktyabr 2020-ci ildə Şuşa ilə bağlı təklifi niyə qəbul etmədiyini açıqlayıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.
"Azərbaycanın tələbi şəhərin azərbaycanlı əhalisinin geri qayıtmasına zəmanət vermək idi, hansı ki, bu, onların hesablamalarına görə şəhər əhalisinin 90%-ni təşkil edirdi. Lakin əminəm ki, Şuşanın 90%-nin azərbaycanlılar tərəfindən məskunlaşdırılması ilə şəhəri "erməni şəhəri" adlandırmaq çətin olacaqdı", - o qeyd edib.
Üstəlik, Paşinyanın iddiasına görə, Şuşanı Azərbaycanla birləşdirən yeni yolun çəkilməsi təklif olunub ki, Laçın dəhlizi ilə getməsinlər. Ermənistanın baş nazirinin fikrincə, bu, Azərbaycanın hərbi mövcudluğunun nəzərdə tutulması və "Laçın dəhlizinin bağlanması" demək olardı.
"Son hadisələr mənim o vaxtkı proqnozlarımı sübut etdi", - Paşinyan bildirib.