Ukraynanın birinci xanımı Olena Zelenskaya İsrailə səfəri çərçivəsində "Jerusalem Post" qəzetinə müsahibə verib.
Modern.az xəbər verir ki, o, müsahibə zamanı gündəlik həyatından da bəhs edib.
Xanım Zelenskaya gününün adi bir ukraynalı qadının günündən o qədər də fərqlənmədiyini bildirib. O deyib ki, günə Rusiyanın hara zərbə endirdiyini öyrənmək üçün xəbərlərə baxmaqla başlayır.
Gün ərzində Zelenskinin xanımı ofisə gedir və psixi sağlamlıq proqramı, məktəb naharlarının yaxşılaşdırılması və məişət zorakılığı qurbanlarına kömək kimi layihələr üzərində işləyir, müsahibələr verir, telefon və video zənglər edir.
Zelenskaya həyat yoldaşı Volodimir Zelenskidən ayrı yaşadığını bildirib. Ukrayna lideri təhlükəsizlik üçün öz ofisində yaşayır, xanımı isə hər gün iki övladının yanına qayıdır.
"Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşürük. Hazırda heç birimizin heç bir istirahət və ya əylənməyə imkanı yoxdur", - o vurğulayıb.