Türkiyədə İYİ Partiyanın qurultayı keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, partiyanın sədri Meral Akşener qurultayda çıxış edib.
O, "Millət İttifaqı"nda siyasi müttəfiqi olan Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edib.
"Seçkiyə girmək üçün istədiyim 15 deputat həyatımın ən böyük peşmanlığıdır. Bələdiyyə seçkilərində CHP ilə əməkdaşlıq etdik, nə oldu? Biz yox, dedilər ki, HDP-nin hesabına qazanılmış oldu. Artıq İYİ Partiyada ərköyünlük bitdi. Hamı həddini biləcək", - o qeyd edib.
Xatırladaq ki, 2018-ci ilin parlament seçkilərində yeni yaranan İYİ Partiya seçkiyə qatılmaq üçün qanunvericilikdə təsbit olunmuş kriteriyalara cavab vermirdi. Belə ki, qanunlara görə, partiya ya ölkənin yarısından çoxunda yerli təşkilatlar yaratmalı, ya da parlament fraksiyasına malik olmalı idi. Akşener tələbi yerinə yetirmək üçün CHP-nin 15 deputatının istefa verərək İYİ Partiyaya üzv olmasını xahiş etmişdi və parlamentdə bu yolla fraksiya yaradılmışdı.