Türkiyənin sabiq XİN başçısı, iqtisadiyyat naziri və baş nazirin müavini Ali Babacanın sədrlik etdiyi DEVA Partiyası bəyanat yayıb.
Modern.az xəbər verir ki, partiyanın rəsmi tviter səhifəsində yayılan bəyanatda Gələcək Partiyası və Səadət Partiyası ilə birgə parlament fraksiyası formalaşdırılmasından və Ahmet Davutoğlunun (Gələcək Partiyasının sədri - red.) iki partiyanın birləşməsi ilə bağlı təklifindən bəhs olunur.
Bəyanata əsasən, DEVA Partiyası hər iki məsələ ilə bağlı rədd cavabı verib.
Belə ki, Gələcək və DEVA Partiyalarının birləşməsi ilə bağlı "ikibaşlılıq və idarəetmə böhranı riski", 3 partiyanın birgə parlament fraksiyası yaratması ilə əlaqədar olaraq isə "partiyaların öz kimliklərinin inkişafına əngəl yaranması" səbəbləri əsas gətirilib.
Qeyd edək ki, sonuncu seçkilərdə "Millət İttifaqı"na daxil olan hər üç partiya parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahıları ilə girib (deputatlar seçildikdən sonra CHP fraksiyasından istefa veriblər - red.), prezident seçkilərində isə CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyib.